Pasiyent klinikanın saytına adətən üç sualla gəlir: bu analiz varmı və neçəyədir, hansı həkim nə vaxt qəbul edir, nəticəm hazırdırmı? Sayt bu üç suala bir-iki kliklə cavab verirsə, zəng mərkəzinin yükü azalır və pasiyent rəqibin saytına keçmir.
Analiz kataloqu axtarışla və kateqoriyalarla işləməlidir. Hər analizin qiyməti, nəticə müddəti və hazırlıq qaydası görünməlidir. Səbət və sifariş forması isə pasiyentə klinikaya gəlməzdən əvvəl lazım olanları seçməyə imkan verir.
Onlayn nəticə (E-nəticə) ən çox istifadə olunan funksiyadır. Pasiyent qəbzdəki sifariş nömrəsi və doğum tarixi ilə nəticəni PDF kimi yükləyir. Burada təhlükəsizlik vacibdir: nəticələr açıq linklə paylaşılmamalı, giriş məhdudlaşdırılmalıdır.
Həkim profillərində ixtisas, təcrübə və həftəlik qəbul günləri olmalıdır. Şöbə səhifələri hər ixtisası və həmin şöbənin həkimlərini bir yerdə göstərir. Bu səhifələr həm də axtarış sistemlərində "kardioloq Bakı" kimi sorğulara görə tapılmağa kömək edir.
Check-up paketləri və kampaniyalar ayrıca bölmədə olmalıdır, köhnə və endirimli qiymət aydın göstərilməlidir. Kampaniyanın bitmə tarixi də yazılmalıdır.
Bakıda pasiyentlər üç dildə axtarış edir, ona görə də Azərbaycan, rus və ingilis dilləri düzgün hreflang ilə qurulmalıdır. Saytın telefonda sürətli açılması da vacibdir: pasiyentlərin çoxu saytı mobil cihazdan açır.
Bu yanaşma ilə Sədəf Klinika üçün sayt hazırladıq: analiz kataloqu və səbət, E-nəticə, həkim profilləri, check-up paketləri və üç dil. Layihəni Layihələr bölməsində görə bilərsiniz. Klinikanız üçün sayt düşünürsünüzsə, bizə yazın.